Azərbaycan İdman Jurnalistləri Federasiyasının BƏYANATI
01 may 2020 | 16:05   \\    Xəbər    \\    989    \\    Print

 
Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) İdarə Heyətinin iclasında “Neftçi” PFK və “Keşlə” PFK tərəfindən AİJF-yə ünvanlanmış rəsmi müraciətlərə baxılıb. “Neftçi” PFK-nın müraciətində qeyd olunub ki, “Sportinfo.az” saytı klub rəhbərliyi, məsul əməkdaşları və futbolçuları haqqında müntəzəm olaraq, həqiqəti əks etdirməyən, qarayaxmalardan ibarət təhqiredici məlumatlar yayır. Həmçinin, “Keşlə” PFK-nın müraciətində bildirilib ki, saytda klubun maliyyə fəaliyyəti barədə qeyri-dəqiq informasiya dərc olunub. 
 
KİV-in təhqir, şərəf və ləyaqəti alçaltma, işgüzar nüfuza xələl vurma halları yolverilməzdir. Məsələ ilə əlaqədar “Sportinfo.az” saytının rəhbəri İlkin Muradov (Vaqifoğlu) AİJF İdarə Heyətinin iclasına dəvət edilib. Lakin o iclasa gəlməkdən imtina edib. Buna görə də sayt rəhbərliyi ilə məsələni müzakirə etmək mümkün olmayıb.
 
Azərbaycan İdman Jurnalistləri Federasiyası olaraq, “Sportinfo.az” saytını Kütləvi İnformasiya Vasitələri Haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu və 44-cü maddələrinin tələblərinə riayət etməyə çağırırıq. Həmin maddələrin tələblərinə əsasən, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar dərc etmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Habelə, kütləvi informasiya vasitələrində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən böhtan və təhqir xarakterli məlumatlar verildikdə o, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb edə, yaxud birbaşa məhkəməyə müraciət edə bilər. 
 
AİJF “Sportinfo.az” saytının “Neftçi” PFK və “Keşlə” PFK ətrafında apardığı qarayaxma kampaniyalarını, klub rəhbərliyi və üzvlərini təhqir edən yazılar dərc etməsini qeyri-etik sayır və belə hallara son qoymağı tövsiyə edir.
 
Bakı şəhəri, 01 may 2020-ci il